SOCAR-da Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə görüş olub

SOCAR-da Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə görüş olub Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu haqqında məlumat verilib
Energetika
11 Sentyabr , 2017 17:28
SOCAR-da Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə görüş olub
Socar.az

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Almaniyanın işgüzar xanımlardan ibarət nümayəndə heyəti ilə şirkət rəhbərliyinin görüşü keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. R.Hüseynzadə şirkətin ekoloji siyasətinin əsas istiqamətlərindən danışıb və ekoloji məsələlərin şirkətin fəaliyyət istiqamətləri arasında prioritet təşkil etdiyini bildirib. O, son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji proqramlar, bu sahədə BMT və Dünya Bankı ilə həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri, eləcə də planlaşdırılan işlər haqqında məlumat verib. 

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında danışıb, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışıb. Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan E. Nəsirov son illər həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb. SOCAR-ın vitse-prezidentləri qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onlara Cənub Qaz Dəhlizi, “Şahdəniz” yatağının ehtiyatları və işlənmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu və s. haqqında informasiya verilib. 

Almaniyanın nümayəndə heyəti qəbul üçün minnətdarlıqlarını bildirib, SOCAR-ın iştirakı ilə həyata keçirilən TANAP və TAP, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.