Yuxarı

​SOCAR Avstriya şirkəti ilə müqavilə imzalayıb

Müqavilə Bitum qurğusu üzrə imzalanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və Avstriyanın “Poerner” şirkəti arasında Bitum qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə şirkətin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Poerner” şirkətinin baş direktoru Andreas Poerner, satış üzrə direktoru Wolfgang Heger iştirak ediblər.

Tədbirdə SOCAR prezidenti çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda Avro 5 standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur.

Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun inşası planlaşdırılır. Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusu istismara veriləcək.

Bu tədbir keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək.

“Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduqlarını bildirib, “Poerner” şirkətinin seçilməsindən qürur duyduqlarını qeyd edib.

Sonra SOCAR və “Poerner” şirkətləri arasında bitum qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıblar.                               

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi