Yuxarı

"SOCAR-AQŞ" "Qərbi Abşeron" yatağında daha bir quyuda qazma işlərinə başlayıb

Müəssisə 20 saylı quyunun tikintisi işlərinə start verib

Bakı. 29 mart. REPORT.AZ/ "SOCAR-AQŞ" 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 760 m olan 20 saylı quyuda qazma işlərinə başlayıb.

"Report" "SOCAR-AQŞ"-yə istinadən xəbər verir ki, 20 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

"Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq. Yeni qazılan istismar quyusunun azimutu 25 dərəcə, inhirafı isə 253 m təşkil edir.

Əminik ki, dəyərlərinə daim sadiq qalan "SOCAR-AQŞ" həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək" -, deyə məlumatda qeyd olunub.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda "SOCAR-AQŞ" dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə, eyni zamanda ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi