“SOCAR AQŞ” Milli Qurtuluş Günü ilə bağlı vebinar təşkil edib

“SOCAR AQŞ” Milli Qurtuluş Günü ilə bağlı vebinar təşkil edib “SOCAR AQŞ”nin təşəbbüsü və iştirakı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil olunub.
Energetika
16 İyun , 2020 12:41
“SOCAR AQŞ” Milli Qurtuluş Günü ilə bağlı vebinar təşkil edib

“SOCAR AQŞ”nin təşəbbüsü və iştirakı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar təşkil olunub.

Şirkətdən “Report”a verilən məlumata görə, vebinarda “SOCAR AQŞ”nin Baş direktoru Ramin İsayev bildirib ki, tədbir iştirakçılarından bir çoxu müstəqilliyin ilk illərində dövlətin üzləşdiyi təhdidlərin və Azərbaycan xalqının yaşadığı faciələrin canlı şahidləri olublar: “Belə bir zamanda, məhz Heydər Əliyevin xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasından Bakıya qayıdışı ölkəmizdə hökm sürən özbaşınalığın aradan qaldırılmasına və ictimai-siyasi sabitliyin təmin olunmasına ciddi zəmin yaratdı. Qısa müddət ərzində ölkədə köklü islahatlar həyata keçirildi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasında misli görünməmiş fədakarlıq etdi”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlametlərarası komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı rəsmi nümayəndə heyətinin başçısı, professor Səməd Seyidov çıxış edərək bildirib ki, Heydər Əliyevin siyasi arenaya yenidən qayıdışı 1988-ci ildən etibarən faciələr və ağır itkilərlə üzləşən xalqın ümid çırağına çevrildi. “Heydər Əliyevin hakimiyyətdə olduğu illərə nəzər saldıqda şahid oluruq ki, onun bütün fəaliyyəti Azərbaycan naminə qurtuluşa həsr olunub. Milli və mədəni kimliyimizin qorunması, milli hərbi kadrların yetişdirilməsi istiqamətində Ə.Naxçıvanski adına hərbi məktəbin yaradılması, istedadlı gənclərin ali təhsil üçün İttifaqın digər respublikalarına göndərilməsi əslində müstəqilliyimizə gedən yolun başlanğıcı idi. 1993-cü ildə hakimiyyətlə gəlməklə Heydər Əliyev 10 il ərzində 100 ilə bərabər işləri həyata keçirə bildi. “Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş 1998-ci ildə Avropa Şurasında Azərbaycan bayrağının dalğalanmasına kimi qət edilən yol məhz onun müəllifi olduğu yol xəritəsinin dividentləri idi. Gənc nəslə tövsiyəm budur ki, min bir məşəqqət hesabına qoruyub saxladığımız dövlətçiliyimizi öz bilik və bacarıqlarını milli kimlikləri ilə sıx birləşdirərək Azərbaycanı qorumağı bacarsınlar, təəssübkeş olsunlar”.

Daha sonra çıxış edən millət vəkili, tarix elmləri namizədi Məlahət İbrahimqızı Ulu öndərin milli kontekstdə o cümlədən, bölgənin təhlükəsizliyində oynadığı misilsiz roldan geniş söhbət açdı: “Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla həm də Azərbaycanın siyasi xəritədən silinməsinə əngəl oldu. Hərtərəfli tənəzzülə məruz qalmış dövlətə sahib çıxmaqla yanaşı Heydər Əliyev qonşu Gürcüstanda eks prezident Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə doğma yurdlarından didərgin salınan həmvətənlərimizin qayğıları ilə də məşğul olmağa başladı. Onun uzaqgörən siyasəti sayəsində tezliklə bu problemlər öz həllini tapdı, insanlarda öz dövlətinə, onun liderinə inam yarandı. Qonşu dövlətlər də daxil olmaqla bölgənin aparıcı siyasi qüvvələri Heydər Əliyevin timsalında Azərbaycanla hesablaşmalı oldular”.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Ulu Öndərin fəaliyyətini əsas iki missiya üzərində cəmləşdirmək olar: Xilaskar və Quruculuq missiyası. “Heydər Əliyev iqtisadi, siyasi və hərbi cəhətdən çox zəifləmiş bir dövlətə sahib çıxaraq onu dünyanın inkişaf etməkdə olan dövlətləri səviyyəsinə qədər yüksəldə bildi. 1993-1994-cü illərdə milli qanunvericilik bazamız çox zəif idi, dövlət xəzinəsi isə tamam boşalmışdı. Belə bir vəziyyətdə beynəlxalq arenada nəhəng siyasi və iqtisadi güclərin qarşısında Heydər Əliyev öz şəxsiyyəti və liderliyi ilə etimad qazanaraq ‘’Əsrin müqaviləsi’’nin imzalanmasına nail oldu. Bu müqavilənin Azərbaycan xalqının həyatındakı dəyəri gündən-günə artmaqdadır”.

Daha sonra çıxış edən millət vəkili Jalə Əliyeva bildirib ki, 27 il əvvəl respublikada baş verən o qanlı hadisələr bizə öz dövlətimiz və onun lideri ətrafında sıx birləşməyi öyrətdi. “Heydər Əliyevin tərtib etdiyi çərçivə planları sayəsində Azərbaycan Respublikası 200 illik dövlətçilik ənənəsinə malik, demokratik dəyərlərin beşiyi hesab edilən Böyük dövlətlərin qət etdiyi yolu cəmi 10 il ərzində gerçəkləşdirə bildi”.

“İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə panel müzakirəsində Ulu öndərin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ideyaların vahid Azərbaycan naminə hesablanmış olduğunu vurğulayıb.”O dövrdə, Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli bayrağın yenidən dalğalanmasına təkan verdi. Heydər Əliyev Türkiyə Respublikasından 100 milyon ABŞ dolları məbləğində kreditin alınması ilə Naxçıvanın iqtisadi blokada vəziyyətindən çıxara bildi, daha sonra isə iki respublika arasında ‘’Ümid’’ körpüsünün salınmasına nail oldu. Aparılan uğurlu danışıqlar sayəsində Türkiyə və İran İslam Respublikası ilə iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etdirildi”.

Tədbirin sonunda yekun nitqi söyləyən “SOCAR AQŞ”nin Baş direktoru Ramin İsayev bildirib ki, Ulu öndər Heydər Əliyev hələ Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışarkən hər bir azərbaycanlıda fəxarət hissi oyatmışdır: “Böyük azərbaycanlının xoş sədası dünyanın müxtəlif siyasi mərkəzlərinə qədər gedib çatmışdı. Onun fitri istedadı, böyük liderlik keyfiyyətləri günü bu gün də qlobal səviyyədə nəhəng siyasətçilər tərəfindən tanınır və qəbul edilir. O, xalqımızın ən çətin anlarında vətəndaş təəssübkeşliyini və siyasi iradəsini ortaya qoyaraq xalqına və dövlətinə sahib çıxmışdır. Onun həyatı məhz güclü, müstəqil və çağdaş Azərbaycan Respublikasının təşəkkül tapmasına həsr olunmuşdur. Xalqımız Heydər Əliyevin əziz xatirəsini daim uca tutaraq onun memarı olduğu müasir Azərbaycan Respublikasının daha da güclənməsi üçün həmrəylik nümayiş etdirməkdədir”.

Son xəbərlər

Orphus sistemi