SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb

SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Energetika
22 Dekabr , 2023 14:17
SOCAR “Equinor” şirkətinin Azərbaycandakı aktivlərini alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.

Bu barədə “Report"a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəfin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Qeyd edək ki, iştirak paylarının alqı-satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7,27 %, BTC boru kəmərində 8,71 %, “Qarabağ” yatağında isə 50 % iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 %, BTC-də 25 %, “Qarabağ” yatağında 50 % təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib.

Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR və "Equinor" şirkətləri arasında imzalanıb. Layihədə şirkətlərin hər biri 50 % paya malikdir.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur. BTC neft kəmərinin uzunluğu 1 768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1 %); SOCAR (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); ENI (5 %); “Itochu” (3,4 %); “ExxonMobil” (2,5 %); INPEX (2,5 %), “TotalEnergies” (5 %) və “ONGCVidesh” (2,36 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi