Yuxarı

Səfir: "Türkmənistan və Azərbaycan enerji əməkdaşlığı sahəsində fəal işləyir"

Azərbaycan bu gün dünya əhəmiyyətli nəqliyyat infrastrukturunu yaradır

Bakı. 6 may. REPORT.AZ/ "Biz azərbaycanlı həmkarlarımızla enerji əməkdaşlığı sahəsində fəal işləyirik. Bu, Azərbaycan-Türkmənistan dialoqunun gündəliyində olan məsələlərdən biridir." "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib. 

O xatırladıb ki, cari ilin yanvar ayında Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşündə üç ölkə arasında əməkdaşlığın mühüm məqamları və onların inkişaf perspektivləri müzakirə olunub. 

Bakı və Aşqabad arasında nəqliyyat sahəsindəki əməkdaşlıq məsələsinə toxunan səfir qeyd edib ki, bu iki ölkə Asiya və Avropa arasında nəqliyyatın hərəkətinin mühüm hissələridir: "Mən fəxr edirəm və fərəhlə müşahidə edirəm ki, Azərbaycan bu gün Ələtdə liman, sürətli yollar, Bakı-Tbilisi-Qars dəmir yolu kimi dünya əhəmiyyətli nəqliyyat infrastrukturunu yaradır. Bütün bu layihələr bizim üçün vacibdir".

O deyib ki, Türkmənistan da nəqliyyat layihələrini fəal şəkildə inkişaf etdirir və buna misal olaraq Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun istismara verildiyinə diqqət çəkib. Onun sözlərinə görə, Asiya bazarlarına çıxmaq üçün Aşqabad avtobanın tikintisini, eləcə də neft tankerlərindən yük gəmilərinə qədər bütün növ gəmiləri qəbul edəcək Türkmənbaşı limanının inşasını davam etdirir. Səfir bildirib ki, limanda ildə 20 mln. ton yükün qəbul edilməsi və emalı üçün bütün şərait yaradılıb: "Bu bizə münasibətləri inkişaf etdirməyə imkan verir".

T.Komekov həmçinin vurğulayıb ki, üç ölkənin Nəqliyyat nazirlikləri çərçivəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat layihəsi üzərində fəal iş aparılır: "Bu, nəqliyyat qovşaqlarımızı birləşdirməyə imkan verir, o cümlədən Azərbaycan və Türkmənistanın imkanlarını artırır. Demək olar ki, bu, tarixi İpək Yolunun bərpasıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi