Səfir: TANAP-ın inşasının başa çatması Azərbaycan, Türkiyə, Avropa üçün mühüm hadisədir

Səfir: TANAP-ın inşasının başa çatması Azərbaycan, Türkiyə, Avropa üçün mühüm hadisədir Cənubi Qaz Dəhlizinin başlıca seqmenti olan TANAP (Trans Anadolu Təbii Qaz Boru Kəməri) layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək.
Energetika
28 Noyabr , 2019 16:27
Səfir: TANAP-ın inşasının başa çatması Azərbaycan, Türkiyə, Avropa üçün mühüm hadisədir
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral / Report

Cənubi Qaz Dəhlizinin başlıca seqmenti olan TANAP (Trans Anadolu Təbii Qaz Boru Kəməri) layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə bildirib.

“Noyabrın 30-da Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın ikinci mərhələsinin açılış mərasimi keçiriləcək. Beləliklə, TANAP-ın tikintisi sona yaxınlaşır. Artıq kəmərin Avropaya da qazın nəqlinə tam hazır olduğunu söyləyə bilərik. Bu, Azərbaycan, Türkiyə, Avropa üçün çox mühüm hadisədir. TANAP və bütövlükdə Cənubi Qaz Dəhlizi sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyini həmişə dilə gətirmişik. İndi bu artıq gerçəkdir. Gələn il Trans Adriatik Boru Kəmərinin (TAP) də tikintisi başa çatanda Avropa daha bir mühüm alternativ qaz mənbəyinə sahib olacaq”, – deyə səfir qeyd edib.

TANAP layihəsinin Əskişəhərə qədərki hissəsini əhatə edən və Türkiyəyə qaz tədarükünü həyata keçirən birinci mərhələsi keçən il başa çatdırılmışdı. TANAP Türkiyənin Gürcüstan sərhədindən Yunanıstan sərhədinədək uzanır. Bu kəmər vasitəsilə Xəzərin Azərbaycan hissəsindəki "Şahdəniz" qaz kondensat yatağından hasil olunan təbii qazın Türkiyəyə və daha sonra Avropaya nəqli nəzərdə tutulur.  Boru kəmərinin nəql gücü ilkin olaraq 16 mlrd. kubmetr ki, bunun 6 mlrd. kubmetri Türkiyə üçün, qalan 10 mlrd. kubmetri də TAP başa çatandan sonra 2020-ci ildən Avropa üçün nəzərdə tutulur.

TANAP iştirakçılarının payları aşağıdakı kimidir: “Cənub Qaz Dəhlizi” QSC 51 faiz, BOTAS 30 faiz, BP 12 faiz, "SOCAR Turkey Energy" 7 faiz.

Faza -0 və Faza -1 hissələrindən ibarət olan kəmərin uzunluğu 1850 kilometrdir. O cümlədən Gürcüstan sərhədindən Əskişəhərədək olan Faza-0 hissəsinin uzunluğu 1340 kilometr, diametri 56 düyüm, Faza 1-in uzunluğu 476 kilometr, diametri 48 düyümdür. 2018-ci ilin 18 iyun tarixində Faza-0 hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-dan isə Azərbaycan qazının Türkiyəyə kommersiya tədarükünə başlanılıb.

Son xəbərlər

Orphus sistemi