“Şahdəniz” yatağından qaz hasilatı 16 %-dən çox artıb

Energetika
  • 04 may, 2023
  • 13:28
“Şahdəniz” yatağından qaz hasilatı 16 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (9 milyon barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin eyni dövrün göstəricisindən 1 milyard kubmetr və ya 16,7 % çoxdur, kondensat hasilatının həcmi isə eynidir.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 74 milyon (ildə 27 milyard) standart kubmetr təşkil edir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti