Yuxarı

"Şahdəniz 2" platformasının üst tikililərinin inşasının 93%-i tamamlanıb

BP-Azerbaijan şirkəti tikinti ərazisinə baxış təşkil edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Şahdəniz 2" platformasının üst tikililəri ilə bağlı işlər qrafikə uyğun davam edir və onların 2017-ci ilin yay aylarında dənizdə quraşdırılması planlaşdırılır. 

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tikinti ərazisinə təşkil etdiyi baxış zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər şəxslərinə məlumat verilib. 

BP şirkətinin "Şahdəniz 2" üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, hazırda iki üst tikilinin inşasının 93%-i tamamlanıb: "Yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98%-i, hasilat və dikborular platformasının göyərtəsi üzrə işlərin isə 91%-i başa çatıb. Artıq yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsində 50 yaşayış modulu quraşdırılıb. Işlərin bu cür irəliləyişi imkan verib ki, planlaşdırılmış tarixi 3 ay qabaqlayaraq "Şahdəniz 2" üzrə iki üst tikilinin istismar sınağı fəaliyyətlərinə bu ilin mart ayında başlayaq. Hazırda istismar sınağı fəaliyyətlərinin ümumilikdə 40%-dən çox hissəsi tamamlanıb".

Onun sözlərinə görə, ilk dəfədir ki, yerli podratçı vasitəsilə sahədə istismar sınağı üzrə yerli texniklərin təcrübəsindən istifadə edilib: "Bundan əlavə, istehsal layihələndirmə işləri də yerli podratçı tərəfindən səmərəli şəkildə və vaxtında yerinə yetirilib. Pik dövrdə ATA (Amec-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində üst tikililərin tikintisi fəaliyyətlərinə təxminən 5200 nəfər insan cəlb edilib və onların 88%-i yüksək keyfiyyətli yerli işçi qüvvəsindən ibarətdir". 

BP-nin vitse-prezidenti həmçinin bildirib ki, bütün işlər büdcə çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, "Şahdəniz 2" layihəsindən ilk qazın hasilatına qədər olan işlərin 82%-i görülüb. 

Qeyd edək ki, Azərbaycandakı dünya səviyyəli tikinti sahələrinin tarixində ilk dəfə olaraq "Şahdəniz 2" platformalarının tikintisinin 100%-i ölkə daxilində həyata keçirilir. Iki üst tikili hazırda ATA konsorsiumu tərəfindən Bibiheybət ərazisindəki "Azfen" tikinti-quraşdırma sahəsində inşa edilir. Şahdəniz 2" platformasının üst tikililərinin ümumi çəkisi 28,5 min ton təşkil edir və o, 16,5 min boru qovşaqlarından, 881 km kabel xəttindən ibarətdir. İki üst tikili çəkisi 12 min ton təşkil edən yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsindən və çəkisi 16,5 min ton olan hasilat və dikborular platformasının göyərtəsindən ibarətdir. BP-nin təchizat-tədarük qrupu bu iki göyərtənin inşası üçün 3,1 milyondan artıq hissə təchiz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi