“Şahdəniz-2” layihəsi çərçivəsində 10 istismar quyusu qazılıb

“Şahdəniz-2” layihəsi çərçivəsində 10 istismar quyusu qazılıb Layihə üzrə mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 80%-ə qədəri tamamlanıb
Energetika
20 Sentyabr , 2016 10:51
“Şahdəniz-2” layihəsi çərçivəsində 10 istismar quyusu qazılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Şahdəniz-2” layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 80%-ə qədəri tamamlanıb və ilk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Nefçilər günü münasibətilə “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.

“Bizi ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz, 240 mln. tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 mlrd. kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 mlrd.kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur”,- deyə SOCAR prezidenti qeyd edib. 

R.Abdullayev bildirib ki, bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Onun sözlərinə görə, cari ilin birinci yarısında “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilib. 

“Məlum olduğu kimi, bu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” platformasının birinci dayaq blokunun dənizə yola salınmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Dövlət başçısı mərasimdə çıxış edərək bunu ölkə həyatında tarixi hadisə adlandırıb, “Şahdəniz-2” layihəsinin təkcə Azərbaycan üçün deyil, bütün region və Avropa üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Şahdəniz” qazının Gürcüstan və Türkiyəyə artıq bir neçə ildir nəql olunduğunu nəzərə çatdıran Azərbaycan Prezidenti bir daha bəyan edib ki, “Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu rol getdikcə artacaq. “Şahdəniz-2” Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. Eyni zamanda bu layihə çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində sualtı infrastruktur yaradılır”,- R.Abdullayevin məqaləsində qeyd olunub. 

O, həmçinin bildirib ki, bunun üçün hazırda “Xankəndi” adlı sualtı əməliyyatlar üzrə ixtisaslaşmış xüsusi gəmi tikilir: "Gəmi Bakıda, SOCAR-ın yeni gəmiqayırma zavodunda inşa olunur. Zavod “Xankəndi” layihəsini 2017-ci ilin əvvəllərində tamamlamağı planlaşdırır. Yeri gəlmişkən, Xəzər hövzəsində ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı (sərnişin, sualtı tikinti, yanğınsöndürən, tanker və s. gəmiləri) gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində uğurla fəaliyyət göstərən bu zavod, həmçinin SOCAR-ın dənizdə neft-qaz əməliyyatlarının genişləndirilməsi məqsədilə inşa etdirdiyi müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisində də fəal iştirak edib. Dənizin 1000 metrədək dərinliklərində 12 min metr qazma gücünə malik qurğunun pantonlarının və üst göyərtələrinin inşası burada tikilib təhvil verilib. Maliyyələşdirilməsini Dövlət Neft Fondu ilə birgə həyata keçirdiyimiz qurğunun tikintisi gələn ilin əvvəlində başa çatdırılacaq, bununla da Xəzərdə apardığımız qazma işləri daha da intensivləşdiriləcək”. 

Son xəbərlər

Orphus sistemi