Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Sabirabad rayonunun Yastıqobu kəndinə təbii qaz verilib.
“Report” İB-yə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 62 fərdi evi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 620 metr müxtəlif diametrli polietilen, eləcə də metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.