Bakı. 5 noyabr. REPORT.AZ/ ABŞ təzyiqlərini daha da artırsa və 3-cü ölkələr tərəfindən İran neftinin idxalının azaldılmasına nail olarsa, İran hökuməti müəyyən sərt addımlara əl ata, o cümlədən Hörmüz boğazını bağlaya bilər.
Bunu “Report”a açıqlamasında ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş sanksiyalarını şərh edən Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun və ölkə hökuməti nəzdində Maliyyə İnstitutunun aparıcı eksperti Stanislav Mitraxoviç deyib.
O, İranın neft ixracının azalması ilə bu ölkədə sosial çətinliklərin yaranacağını da diqqətə çatdırıb.
“Bu proseslər İran hökumətini Hörmüz boğazının bağlanması kimi, sərt cavab tədbirləri görməyə təhrik edə bilər. Onda neft qıtlığı təhlükəsi yaranar, qiymətlər artmağa başlayar. Hörmüz boğazının bağlanması mümkün olsa da, nisbətən az ehtimal olunan hadisədir”, - deyə ekspert bildirib.
“Bu proseslər İran hökumətini Hörmüz boğazının bağlanması kimi, sərt cavab tədbirləri görməyə təhrik edə bilər. Onda neft qıtlığı təhlükəsi yaranar, qiymətlər artmağa başlayar. Hörmüz boğazının bağlanması mümkün olsa da, nisbətən az ehtimal olunan hadisədir”.
Stanislav MitraxoviçSenior expert at Russia's National Energy Security Fund and Institute of Finance under the government Stanislav Mitrakhovich
Onun sözlərinə görə, yaxın həftələr ərzində həm neft qiymətləri, həm də bazardakı neft təklifinin həcmi baxımdan ciddi dəyişikliklər gözlənilmir: “Mövcud qiymətlər İranla bağlı risqləri də nəzərə alır. Üstəlik, ABŞ ilk dövrdə bəzi ölkələrin İran neftini idxal etməsinə razı olduqlarını açıqlayıb. Həm də Səudiyyə Ərəbistanı bir neçə aya gündəlik hasilatı 12 mln. barelə belə çatdıra biləcəklərini bildirib. ABŞ-da da hasilat sürətlə artır, getdikcə ixraca əngəl yaradan "ağızlar açılır" (yəni limanlara doğru yeni neft kəmərləri tikilir – red.)”.
Xatırladaq ki, ABŞ hökuməti İran nüvə proqramına dair Müştərək Əhatəli Planın imzalanmasına qədər tətbiq olunmuş və daha çox neft ixracını məhdudlaşdıran sanksiyaların bu gündən yenidən qüvvəyə mindiyini açıqlayıb.