Rusiya şirkəti SOCAR ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır

Energetika
  • 11 mart, 2025
  • 17:26
Rusiya şirkəti SOCAR ilə əməkdaşlığı bərpa etməyi planlaşdırır

Rusiyanın istehsal-elmi şirkəti “LG Avtomatika” Azərbaycan bazarına yenidən daxil olmağı və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlığı bərpa etməyi hədəfləyir.

Bu barədə “Report”a şirkətin baş direktoru Mixail Zilonov məlumat verib.

Onun sözlərinə görə, “LG Avtomatika” 30 ildən artıqdır ki, neft, qaz, kimya, müdafiə, energetika və digər sənaye sahələri üçün tənzimləyici və ayırıcı klapanlar, həmçinin idarəetmə cihazlarının layihələndirilməsi və istehsalı ilə məşğuldur.

“Biz Azərbaycan bazarına yenidən Rusiya istehsalçısı kimi daxil olmaq və ixtisaslaşmış, rəqabətqabiliyyətli avadanlıqlar təklif etmək niyyətindəyik. Əvvəllər SOCAR ilə əməkdaşlıq təcrübəmiz olub və biz bu tərəfdaşlığı bərpa etmək istəyirik. SOCAR Azərbaycanın neft-qaz sektorunda əsas oyunçudur və biz onun müxtəlif layihələrində iştirak etməkdə maraqlıyıq. Hələlik detalları açıqlaya bilmərik, lakin söhbət avadanlıq tədarükündən gedir”, - M. Zilonov bildirib.

O əlavə edib ki, şirkət yalnız istehsalçı deyil, həm də kompleks həllər təklif edir:

“Biz avadanlıqları layihələndirir, istehsal edir, öz stendlərimizdə sınaqdan keçirir və müxtəlif qurğular üçün mühəndislik layihələri hazırlayırıq. Azərbaycanda bizi xüsusilə hasilatın genişləndirilməsi, texnoloji bazanın modernləşdirilməsi və yeni obyektlərin tikintisi kimi istiqamətlər maraqlandırır”.

M.Zilonovun sözlərinə görə, Azərbaycanda dərin qazma sahəsi sürətlə inkişaf edir və burada yüksək təzyiq dəyişmələri ilə bağlı yeni texnoloji həllərə ehtiyac var.

“Bu istiqamətdə mümkün əməkdaşlığı müzakirə etmək üçün SOCAR ilə yaxın vaxtlarda görüşlərimiz planlaşdırılır”, - o qeyd edib.

Bununla yanaşı, M. Zilonov vurğulayıb ki, Rusiyada idxalı əvəzetmə prosesləri davam edir və bu yanaşma Azərbaycan üçün də aktual ola bilər.

“Niyə də oxşar keyfiyyətli avadanlıqları daha sərfəli və əlçatan qiymətlərlə əldə etməyəsiniz? Hər şey müəssisələrin belə təklifləri nəzərdən keçirməyə hazır olub-olmamasından asılıdır. Əgər belə bir maraq yaranarsa, biz tədarükçü olmağa tam hazırıq”, - o bildirib.