​"Report": Yaxın aylarda neft 75 dollar/barelə qədər bahalaşa bilər - PROQNOZ

​"Report": Yaxın aylarda neft 75 dollar/barelə qədər bahalaşa bilər - PROQNOZ Lakin bu artım qısamüddətli olacaq və qiymətin yenidən 40 dollara qədər düşməsi mümkündür
Energetika
5 Mart , 2015 12:11
​Report: Yaxın aylarda neft 75 dollar/barelə qədər bahalaşa bilər - PROQNOZ

Bakı. 5 mart. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti yaxın 2-3 ay ərzində 1 barel üçün 75 ABŞ dolları səviyyəsinə qədər yüksələ bilər.

"Report"un analitik qrupu hesab edir ki, hazırda qiyməti təxminən 60 dollar/barel olan "Brent" markalı neft ABŞ-da neft və benzin ehtiyatlarının azalması və bəzi şist tipli neft istehsal edən şirkətlərin rəqabətə davam gətirməyərək iflas etməsi səbəbindən baş verə bilər. Lakin bu yüksəliş qısamüddətli olacaq. Yay fəslinin başlaması ilə yanacağa tələbat azalacaq və qiymət yenidən düşəcək. Uzun müddətdə isə "Brent" markalı neftin bir barelinin qiymətinin yenidən 40 dollara düşməsi mümkündür. Bu zaman WTI markalı neftin qiyməti daha da aşağı qiymətə - 30 dollara qədər enə bilər.

Neftin qiymətindəki qısamüddətli yüksəliş Azərbaycan manatının məzənnəsinə də müsbət təsir göstərəcək və dollara qarşı məzənnənin 1,0450 AZN/USD-yə qədər yüksəlməsi ehtimal olunur.

"Report"un ekspertlərinin fikrincə, əslində, manat daha çox möhkəmlənməlidir. Lakin dolların digər dünya valyutalarına qarşı güclənməsi Azərbaycanda da dolların güclü qalmasına səbəb olacaq. Qonşu ölkələrdə milli valyutaların daha böyük ölçüdə devalvasiya olunması rəqabətə davamlı olmaq baxımından manatın güclənməsinə yaxın vaxtlarda imkan verməyəcək. Hətta əksinə, neftin qiyməti düşməyə davam edərsə, manatın yumşaq devalvasiyası Azərbaycanın xeyrinə olacaq.

Son xəbərlər

Orphus sistemi