Yuxarı
    Bağlamaq

    Qlobal neft bazarında rəqabət güclənir

    Edvard Bel: Neft bazarında payların bölüşdürülməsi uğrunda müharibə qızışır

    Bakı. 28 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı dünya neft bazarındakı payını İran və İraqa uduzmağa davam edir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə BƏƏ-nin Əbu-Dabi əmirliyinin suveren rifah fondu - "Abu-Dhabi Investment Authority"nin Araşdırma Departamentinin rəhbəri Kristof Ruel (Christof Ruehl) tərəfindən Dubayda keçirilən konfransda verilib.

    Qeyd edək ki, OPEC təşkilatı 2016-cı il noyabrın 30-da neft hasilatının azaldılması ilə bağlı Vyana toplantısında qərar qəbul edib. Bu qərara görə, S.Ərəbistanı neft hasilatını gündəlik 486 min, İraq 210 min barel azaltmalı, İran isə 90 min barel artırmağı öhdəlik kimi qəbul edib. Ruel bildirib ki, İran hasilatı öhdəliyə uyğun artırsa da, Səudiyyə Ərəbistanı neft qiymətlərində sabitliyə nail olmaq üçün hasilatı öhdəliyindən daha çox azaldıb. 

    Dubayda yerləşən "Qamar Energy"nin sahibi Robin Mils qeyd edib ki, İranın hasilatı artırması, eyni zamanda S.Ərəbistanının azaltması birincinin bazar payını artırması, ikincinin azaltması ilə nəticələnəcək. İraq tərəfinin isə mart hesabatında gündəlik neft hasilatını 200 min barel azaldaraq 4,43 mln. barelə çatdırdığı bildirilir. 

    Dubayda yerləşən "Emirates NBD PJSC" bankının əmtəələr üzrə analitiki Edvard Bel (Edward Bell) bildirib ki, İran və İraq Asiya bazarlarına, xüsusilə Çinə neft ixracını artırıb. Bu da onu göstərir ki, neft bazarında payların bölüşdürülməsi uğrunda müharibə qızışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi