“Azərişıq” ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir.
“Report” xəbər verir ki, bunu qurumun “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə “Azərişığ”a müraciət edir: “Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindiricidir. Bizə bu şansı yaradan Ali Baş Komandan və ordumuza təşəkkür edirik”.
Bundan başqa, İ.İsazadə isə bildirib ki, bu il onlayn müraciətlərin sayı ötən ilə nisbətən təxminən 50% artıb: "Hər ay sahibkarların təxminən 70-80 onlayn müraciəti icra edilir".
Xatırladaq ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir.