Yuxarı

​"Petlim" limanının rəsmi açılışı yazda baş tutacaq

Kənan Yavuz: TANAP Türkiyənin təbii qaz ehtiyacını daha etibarlı şəkildə təmin edəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında inşa etdiyi "Petlim" konteyner limanının rəsmi açılış mərasimi gələn ilin yaz aylarında baş tutacaq. "Report" xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz Dəniz Ticarət Palatasının İzmir şöbəsinin toplantısında bildirib.

O qeyd edib ki, rəsmi açılış Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə həyata keçiriləcək.

Möhtəşəm liman inşa etdiklərini qeyd edən K.Yavuz bildirib ki, bu liman dünyada ən yüksək standartlara sahib limanlardandır.

Limanla yanaşı, SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrdən danışan baş icraçı direktor 2008-ci ildə "Petkim" Neft-Kimya Holdinqinin alınmasından sonra SOCAR-ın Türkiyə tarixində ən böyük birbaşa sərmayəçisi olduğunu xatırladıb.

K.Yavuz yarımadada həyata keçirilən dəyəri 6 mlrd. dollar olan "Star" neft emalı zavodu barədə də məlumat verərək qeyd edib ki, zavodda işlərin 35%-i görülüb: "Bu layihə 1975-ci ildə həyata keçirilən sonuncu neft emalı layihəsi olan "Aliağa" zavodundan sonra ilk neft emalı layihəsidir. 40 illik fasilədən sonra bu sahəyə sərmayə yatırılır. "Star" zavodu üçün tələb olunan vəsaitin 2,4 mlrd. dolları daxili maliyyələşmə hesabına həyata keçirilir. Bu layihə son dərəcə əhəmiyyətli və "Petkim"in rəqabət gücünü artıracaq layihədir. Bütün idxal olunan neft məhsullarını istehsal edəcək layihəni böyük sürətlə həyata keçiririk. "Star" zavodu 2018-ci ilin mart ayında istehsalata başlayacaq".

Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsində hasil olunan qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans- Anadolu boru kəməri (TANAP) layihəsindən də danışan K.Yavuz qeyd edib ki, bu layihə Türkiyə tarixinin ən böyük enerji layihəsidir.

O bildirib ki, bu layihə sayəsində Türkiyənin enerji asılılığı daha da azalacaq və təbii qaz ehtiyacı daha etibarlı şəkildə təmin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi