“Petkim”in optimallaşdırılmasına investisiya qoyuluşu 54 % artıb

Energetika
  • 09 noyabr, 2024
  • 11:01
“Petkim”in optimallaşdırılmasına investisiya qoyuluşu 54 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına yatırdığı investisiyalar 2 milyard 796,487 milyon türk lirəsi (cari məzənnə ilə 81,625 milyon ABŞ dolları – red.) təşkil edib.

Bu barədə “Report” “Petkim Petrokimya Holding”in 2024-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir.

Ötən ilin 9 ayında kompleksin inkişafına investisiyaların 1 milyard 816,454 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, sözügedən göstərici 53,95 % artıb.

“2024-cü ildə investisiyalar “Petkim” zavodlarının modernləşdirilməsinə, ümumi təkmilləşdirməyə və texnologiyanın inkişafına, enerji səmərəliliyinə və ətraf mühitin mühafizəsinə yönəldiləcək”, - hesabatda qeyd olunub.

Bundan əlavə, sənədə əsasən, hesabat dövründə “Petkim”in istehsal həcmi 1 milyon 596,221 min ton (11,1 % azalma) təşkil edib. 9 ayda holdinq 1 milyon 388,99 min ton neft-kimya məhsulları satıb (0,4 % azalma).

Yanvar-sentyabrda kompleksin istehsal güclərindən istifadə əmsalı 60,5 % təşkil edib. Halbuki, 2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 66,9 % idi.

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 51 % payla “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm paketinin sahibidir.

SOCAR-ın “Petkim” kompleksinin inkişafına illik sərmayəsi təqribən 100 milyon ABŞ dolları təşkil edir. 2023-cü ildə bu rəqəm 3,2 milyard türk lirəsi, başqa sözlə, 99,2 milyon ABŞ dolları təşkil edib.

1965-ci il aprelin 3-də təsis edilən “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə etilen, polietilen, polivinilxlorid, polipropilen və plastik məmulatların, toxuculuq məmulatlarının və digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan digər neft-kimya məhsulları istehsal olunur.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında ticarət olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti