Bakı-Tbilisi-Ceyhan (BTC) sisteminin tam istismara verilməsindən 16 il ötür.
“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu müddətdə BTC ilə 463 milyontonu Azərbaycan nefti olmaqla ümumilikdə, təxminən, 518 milyon ton neft nəql olunub.
Xatırladaq ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə Azəri-Çıraq-Günəşli (AÇG) nefti və Şahdənizdən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.
BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”-nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).