Ötən il BTC ilə neft ixracının həcmi açıqlanıb
- 12 yanvar, 2023
- 13:19
2022-ci il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə 224 milyon 388 min 520 barel neft ixrac edilib.
“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti – “Botaş International Limited” şirkətinin Baş direktoru Naim Ekiz bildirib.
Onun sözlərinə görə, 2021-ci il ərzində boru kəməri ilə nəql edilən xam neftin həcmi 200 milyon 467 min 463 barel olub ki, bu da illik müqayisədə 23 milyon 921 min 057 barel və ya 11,9 % çoxdur.
O bildirib ki, bu qədər həcmdə neft 305 tankerə yüklənib: “Ən çox neft tədarükü noyabr ayında olub. Belə ki, noyabrda 21 milyon 148 min 652 barel neft tədarük edilib. Ən az neft tədarükü isə fevralda olub ki, bunun da həcmi 13 milyon 581 min 125 barel təşkil edib.
N.Ekiz həmçinin əlavə edib ki, BTC-nin istismara verildiyi 2006-ci ildən ötən ilin sonuna qədər 4 milyard 232 min 552 barel neft ixrac edilib: “2022-ci ilin sonuna qədər ixrac edilən neft 5 250 tankerlə dünya bazarlarına yola salınıb”.
Qeyd edək ki, “BOTAŞ İnternational” şirkəti neft və təbii qaz layihələrində söz sahibi olan ölkələrin və transmilli şirkətlərin fəaliyyətlərində iştirak etmək məqsədi ilə 3 iyul 1996-cı ildə BOTAŞ tərəfindən təsis edilib və 2001-ci ildə BTC-nin istismarına həvalə edilib. 2 iyun 2006-cı ildə Ceyhan Dəniz Terminalından xam neftin tankerlərə yüklənməsinə başlayan BTC-də Xəzər dənizindən çıxarılan neft boru kəməri ilə Gürcüstan üzərindən Ceyhan limanındakı dəniz terminalına, oradan isə tankerlərlə dünya bazarlarına nəql olunur. Uzunluğu 1 776 kilometr olan xəttin gündəlik neft daşıma qabiliyyəti 1 milyon barel, illik isə 50 milyon ton neftdir.