Ötən il “Abşeron” yatağından hasilatın həcmi açıqlanıb
- 11 yanvar, 2024
- 14:00
Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan ötən il 300 min ton kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Ümumiyyətlə 2023-cü ildə Azərbaycanda 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci illə müqayisədə 2,4 milyon ton və ya 7,36 % azdır.
Bildirilir ki, respublika üzrə neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu da 2022-ci illə müqayisədə AÇG üzrə 2,6 milyon ton və ya 12,7 % azdır.
“Şahdəniz” yatağından 4,3 milyon ton kondensat hasil edilib. Bu isə 2022-ci illə müqayisədə 0,1 milyon ton və ya 2,27 % azdır.
2023-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə eyni səviyyədədir.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2023-cü ilin iyul ayında yataqda hasilata başıanılıb, avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.
Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.