"OPEK+"un proqnozundan sonra neft bahalaşıb

"OPEK+"un proqnozundan sonra neft bahalaşıb “OPEK+”un iclası Çində, ABŞ-da və Avropada vəziyyətin yaxşılaşmasını, habelə Hindistan və dünyanın digər bölgələrindən daxil olan mənfi məlumatları nəzərə almalıdır”
Energetika
27 Aprel , 2021 11:35
OPEK+un proqnozundan sonra neft bahalaşıb

"OPEK+"un neftə olan tələbatın artması ilə bağlı qısamüddətli proqnozu yüksəltmək haqqında qərarı dünya bazarında bu gün səhər saatlarında neftin qiymətinin bahalaşmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:32-də Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 0,77%, iyun fyuçersləri isə 0,7% bahalaşaraq bir bareli müvafiq olaraq 65,5366,11 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti 0,76% artaraq 62,38 dollar təşkil edib.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, “OPEK+” təşkilatının Texniki Komitəsinin mütəxəssisləri bu il üçün neftə olan orta gündəlik tələbatla bağlı proqnozu 6 milyon barelə qaldırıb. Xatırladaq ki, mart ayında proqnoz 5,6 milyon barel olaraq müəyyən edilmişdi.

Dünən OPEK-in Baş katibi Mohammad Barkindo “OPEK+”un Texniki Komitəsinin mütəxəssislərinin iclasında çıxış edərkən dünya iqtisadiyyatının və neft sahəsinin perspektivlərinin bərpası ilə bağlı müsbət siqnalların mövcud olduğunu bildirib.

“OPEK+”un iclası Çində, ABŞ-da və Avropada vəziyyətin yaxşılaşmasını, habelə Hindistan və dünyanın digər bölgələrindən daxil olan mənfi məlumatları nəzərə almalıdır”, - agentliyin Baş bazar strateqi Stephen İnnes bildirib.

Koronavirusla bağlı vəziyyət neftə olan tələbata əhəmiyyətli təsir göstərməyə davam edir. Hər gün 350 minədək yeni yoluxmanın qeydə alındığı Hindistanla bağlı vəziyyət daha çox narahatlıq doğurur. ABŞ və Avropada isə koronavirusa qarşı peyvəndləmə davam etdirilir. Neftin ən böyük idxalçılarından biri olan Hindistanda mümkün karantin qadağaları neftə olan tələbatın bərpasına təhdidlər yaradır.

Son xəbərlər

Orphus sistemi