OPEC: "Ötən il Azərbaycan qaz ixracını 41 %-dən çox artırıb"

Energetika
  • 29 iyun, 2022
  • 12:22
OPEC: Ötən il Azərbaycan qaz ixracını 41 %-dən çox artırıb

2021-ci ildə Azərbaycanın xarici ölkələrə gündəlik təbii qaz ixracı 18,944 milyon kubmetr təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.

Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 41,4 % çoxdur.

Bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik olaraq 1 trilyon 418 milyon 823 min kubmetr təbii qaz ixrac edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 7,8 % çoxdur.

Qeyd edək ki, Azərbaycanın təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2020-ci il dekabrın 31-dən Azərbaycan qazı Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropanın cənubuna nəql olunur.

Azərbaycan qazı TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarük edilir. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Son xəbərlər

Bütün Xəbər Lenti