OPEC: "Ötən il Azərbaycan neft emalını 16 %-dək artırıb"
- 29 iyun, 2022
- 09:57
2021-ci il ərzində Azərbaycanda gündəlik xam neft emalı 143 min barel təşkil edib.
“Report”un məlumatına görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülletenində deyilir.
Bülletenə əsasən, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 15,8 % çoxdur.
Həmçinin bildirilir ki, 2021-ci ilin nəticələrinə görə, dünyada ümumilikdə gündəlik olaraq 81 milyon 824 min barel neft emal edilib. Bu da 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 5,1 % çoxdur.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.