OPEC 2024-cü il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu artırıb
- 12 oktyabr, 2023
- 12:07
Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada dəyişməz qalaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) oktyabr hesabatına istinadən xəbər verir ki, avqust ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 10 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kimi köhnə laylardakı azalmaların bu il ilk növbədə digər yataqlardakı artımla kompensasiya ediləcəyi gözlənilir", - hesabatda deyilir.
Bildirilir ki, avqustda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və ötən illə müqayisədə gündəlik orta hesabla 30 min barel azalaraq 600 min barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 497 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 138 min barel təşkil edib.
OPEC-in hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 10 min azalaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır. Artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid-Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.
"Gələn il AÇG-nin yeddinci platforması – “Azəri-Mərkəzi-Şərqi” (ACE) sayəsində Azərbaycanın AÇG neft yataqlarından hasilat da artmalıdır. Bununla belə, ümumi azalma tempi planlaşdırılan artımdan daha yüksək olacaq", - hesabatda qeyd olunub.