Neftçalada yerləşən yataqlar bloku hasilat proqnozunu yerinə yetirməyib

Neftçalada yerləşən yataqlar bloku hasilat proqnozunu yerinə yetirməyib “Neftçala” və “Xıllı” neft yataqları bloku üzrə illik hasilatın həcmi proqnozda nəzərdə tutulan 0,21 mln barrelə qarşı 0,16 mln barrel səviyyəsində olub
Energetika
10 İyun , 2021 11:04
Neftçalada yerləşən yataqlar bloku hasilat proqnozunu yerinə yetirməyib

2020-ci il ərzində “Neftçala” və “Xıllı” neft yataqları bloku üzrə illik hasilatın həcmi proqnozda nəzərdə tutulan 0,21 milyon barrelə qarşı 0,16 milyon barrel səviyyəsində olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 76,08 % icra edilib.

Rəydə bildirilir ki. bu yataqlar üzrə faktiki daxilolmalar 161,79 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (154,2 min ABŞ dolları) qarşı 4,93 % daha çox olub.

Neft hasilatı proqnozunun yerinə yetirilməməsi pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin aşağı düşməsi səbəbindən qazma işlərinin dayandırılması və OPEC+ razılaşmasına uygun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, "Azərbaycan Respublikasında "Neftçala", "Dürovdağ-Babazənən" neft yataqlarının, həmçinin "Muğan" monoklinalının cənub-qərb yamacının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında" Saziş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Global Energy" Azərbaycan şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında imzalanıb. Operator qismində "Neftechala Operating Company" fəaliyyət göstərir. Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minib. Saziş sahəsi 2707,7 km2 təşkil edir.

Neft-qaz əməliyyatları "Neftçala", "Xıllı", "Dürovdağ" yataqlarında həyata keçirilir. Bundan əlavə, kontrakt sahəsinə "Babazanan", "Azadkənd", "Nəsimkənd", "Həşimxanlı", "Sərxanbəyli", "Muğanlı", "Orta Muğan" və "Şorsulu" kəşfiyyat strukturları da daxildir. Bütün kontrakt sahəsi Neftçala və Salyan rayonlarının hüdudlarında yerləşir. Hazırda 2 neft-qaz ("Xıllı" və "Neftçala") və 1 qaz yatağı ("Dürovdağ") işlənmədədir.

"Dürovdağ" yatağı Şirvan ovalığında, Kür çayının sol tərəfində yerləşir. "Neftçala" yatağı 1931-ci ildə, "Xıllı" - 1954, "Dürovdağ" isə 1978-ci ildə sənaye işlənməsinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi