Dünyada neft qiymətləri çərşənbə axşamı səhər saatlarında azalır, Böyük Britaniyadan sürətlə yayılan koronavirus mutasiyası ilə bağlı vəziyyət neftə olan tələbatın yaxşılaşması üzrə gözləntiləri yubadır.
“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmələrin məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 08:47-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı xam neft qarışığının fevral fyuçerslərinin qiyməti 0,51% ucuzlaşaraq bir barel üçün 50,65 ABŞ dollarına, WTI markalı neftin fevral fyuçersləri 0,65% ucuzlaşaraq bir barel üçün 47,66 ABŞ dollarına düşüb. WTI markalı neftin yanvar fyuçersləri isə 2,67% dəyər itirərək 47,79 dollar/barelə düşüb.
Xatırladaq ki, dünən neft bazarında nəzərəçarpacaq satış baş tutub, çünki neft qiymətlərindəki azalma təxminən 5-6%-ə çatıb, “Brent”in qiyməti isə dekabrın 15-dən bəri ilk dəfə 50 dollar/barel səviyyəsindən aşağı düşüb.
Azalma Böyük Britaniyada koronavirusun yeni ştammının aşkar edildiyi ilə bağlı xəbərlərdən sonra baş verib. Britaniya koronavirusun aşkar olunmuş yeni variantının daha sürətlə yayıldığını və əhalidən daha çox ehtiyatlı olmağı tələb etdiyini təsdiqləyib. Bu fonda bir sıra ölkə Britaniya ilə nəqliyyat əlaqələrini məhdudlaşdırıb. İqtisadiyyatın bərpası ilə bağlı narahatlıqlar neftə tələbata da təsir edib.