"Report" xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.
Onun sözlərinə görə, qurğunun inşasının 44 ay müddətində həyata keçirilməsi nəzərdə tutulur.
"İllik istehsal gücü 7,5 mln ton nəzərdə tutulan yeni qurğu üçün hazırda ərazidə olan iki podratçı (EPC- Mühəndislik, Layihələndirmə və Tikinti- Rep.) arasında seçim aparılır. Baza layihəsi əsasında təkliflər verilib, layihə idarəçisi olan "Wood” şirkətinin nəzarəti ilə təkliflərə baxılacaq. Bu ilin sonuna podratçı seçimi yekunlaşacaq və gələn ilin əvvəlində EPC işlərinə başlanılması planlaşdırılır".
O məlumat verib ki, yeni ELOU-AVT qurğusunun 2023-cü ilin altıncı ayında istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, əvvəlki strategiyaya əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodundakı illik 6 mln ton xam neft emalı gücünə malik neftin ilkin emalı qurğusunun yenidənqurulması, zavodun ümumi emal gücünün 7,5 mln tona çatdırılması üçün keçmiş “Azərneftyağ” zavodundakı illik məhsuldarlığı 2 mln ton olan qurğunun demontaj edilərək Neft Emalı Zavoduna köçürülməsi və burada quraşdırılması nəzərdə tutulurdu. Aparılan tədqiqat işləri nəticəsində yenidənqurma və köçürülmənin əvəzinə yeni qurğunun inşasının daha sərfəli olduğu qənaətinə gəlinib. Yeni qurğunun illik emal gücü 7,5 mln ton təşkil edəcək.