Nazir: "Məhz Heydər Əliyevin sayəsində Xəzərin karbohidrogen ehtiyatlarının xarici bazarlara çıxarılması mifdən reallığa çevrilib"
- 22 fevral, 2023
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın öz taleyinin sahibi, müstəqil dövlət kimi mövcud olması üçün bütün zəruri əsasları məhz Heydər Əliyev təmin edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.
"Heydər Əliyev kimi liderlər haqqında danışarkən adətən dövlət adamı ifadəsindən istifadə edirlər. Mən isə onu dövlət adam adlandırardım. Çünki Heydər Əliyev deyərkən Azərbaycan dövləti yada düşür. Azərbaycan dövlətindən danışarkən Heydər Əliyevin adı xatırlanır. Bu, tarixi bir reallıqdır.
Hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə respublikamızda strateji əhəmiyyətli müəssisələrin inşası, ölkəmizdə sənayeləşmə, sosial-iqtisadi-mədəni inkişaf, infrastruktur quruculuğu, insan kapitalının yaradılması ilə bağlı gördüyü mühüm işlər uzaqgörənliklə dövlətimizin gələcək müstəqilliyinə hesablanmışdı. Böyük siyasət ustadının 1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü isə bu təməllər üzərində Azərbaycanın intibah çağı oldu. Ulu Öndər quruculuq və xilaskarlıq missiyasının bu yeni mərhələsində ölkəmizin siyasi və iqtisadi müstəqilliyini vəhdətdə möhkəmləndirdi, hərtərəfli tərəqqini təmin edən milli inkişaf modeli ilə dövlətimizi regional inkişafın hərəkətverici qüvvəsinə, beynəlxalq arenada nüfuzlu, etibarlı tərəfdaşlıq və sabitlik mərkəzinə çevirdi, mükəmməl strategiya, balanslaşdırılmış xarici siyasət və qlobal əməkdaşlıq layihələri ilə bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu", - P. Şahbazov deyib.
Nazir vurğulayıb ki, ümummilli lider müxtəlif ictimai-siyasi formasiyalarda müstəqilliyin açarını, əsasən, enerji təhlükəsizliyində, enerji asılılığından xilasda görürdü: "Bu gün qlobal enerji böhranı, enerji müstəqilliyinin dünyanın aparıcı dövlətlərinin gündəliyində bir nömrəli məsələyə çevrilməsi və bu turbulentlikdə Azərbaycanın enerji təchizatçısı kimi strateji mövqeyinin güclənməsi də bir daha Heydər Əliyevin enerji təhlükəsizliyinə dair baxışlarının zamanın fövqündə olduğunu təsdiqləyir.
Məhz bu uzaqgörənliklə hələ Sovet dövründə Moskvanın etirazlarına, çətinliklərə rəğmən ölkədə müstəqil elektrik enerjisi potensialı yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə Qafqazın ən iri istilik elektrik stansiyası “Azərbaycan” İES inşa olundu".
Onun sözlərinə görə, 2 400 MVt gücündə bu elektrik stansiyası hazırda ümumi generasiya gücünün 30 %-indən çoxunu təşkil edir. İstehsal edilən elektrik enerjisinin 15 %-ə yaxını məhz bu stansiyanın payına düşür.
"Bu günlərdə 1 280 MVt-lıq İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub.
Ümumi gücü 3 min MVt-dan çox 6 elektrik stansiyanın və müxtəlif gərginlikli 17 yarımstansiyanın istismara verilməsi, elektrik şəbəkələrinin sistemli şəkildə inkişaf etdirilməsi o illərin mühüm nailiyyətləri idi. Ulu Öndər sonralar bu barədə danışarkən deyirdi ki, “hər dəfə elektrik stansiyasının tikilməsi haqqında məsələ qoyarkən bildirirdilər ki, bu, sizə nəyə lazımdır?! Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə, verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, biz asılı olmayaq. Bu gün iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Müstəqillik illərində Ulu Öndərin gərgin əməyi milli energetika sisteminə daha 620 MVt gücündə elektrik stansiyaları və 6 yarımstansiya qazandırdı", - P. Şahbazov qeyd edib.