Yuxarı
    Bağlamaq

    ​Natiq Əliyev: "Şahdəniz-2" nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur"

    Azərbaycanlı nazir: Gecikmələrin olması üçün səbəb yoxdur

    Bakı. 16 iyun. REPORT.AZ/ "Şahdəniz" yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez həyata keçirilir. 

    Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev İtaliyanın AGİ xəbərlər agentliyinə müsahibəsində bildirib.

    N.Əliyev deyib ki, Azərbaycan üçün bu yatağın inkişaf etdirilməsi çox əhəmiyyətlidir. "Yataq daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir. Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır. Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür. Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən, qaz yatağının II fazasını inkişaf etdirmək istəyirik. Cənub Qaz Dəhlizi layihəsinə yatırılacaq sərmayə də olduqca nəhəngdir - 45 mlrd. dollar".

    Nazir vurğulayıb ki, bu, sadəcə iqtisadi deyil, həm də texnoloji və sosial layihədir, çünki on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. O xatırladıb ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində Cənub Qaz Dəhlizi ilə 16 mlrd. kubmetr qaz ixrac olunacaq ki, bunun 6 mlrd. kubmetri Türkiyə bazarına satılacaq.

    Nazir həmçinin bildirib ki, Azərbaycanda "Şahdəniz"dən başqa "Abşeron" qaz yatağı kimi böyük imkanları olan digər qaz yataqları da var: "Abşeron" yatağının ehtiyatları 400 mlrd. kubmetr həcmində qiymətləndirilir. Avropaya qaz nəqlinin birinci mərhələsinin müvəffəqiyyətlə başa çatması Azərbaycanın digər qaz yataqlarının da layihəyə cəlb olunaraq, qaz həcminin artırılmasına şərait yaradacaq”.

    İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan N.Əliyev qeyd edib ki, TAP-ın inşaat işləri bu il başlayaraq 2019-cu ildə başa çatacaq və ilk qaz İtaliyaya 2020-ci ildə çatacaq. Onun sözlərinə görə, "Şahdəniz" yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur: "Dəniz dibindəki quyular hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur. 2019-cu ildə qazı Türkiyəyə, növbəti ildə Avropa və İtaliyaya nəql edəcəyik. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac var. Həmin icazələrin alınması da işin sürətinə təsir edəcək”.

    Azərbaycanın energetika naziri söyləyib ki, dünya xəritəsinə nəzər yetirsək burada milyonlarla kilometr neft və qaz boru kəmərləri, mühəndislik qurğuları görə bilərik. Bu işlər görülərkən ətraf mühitin qorunması məqsədilə texnologiyalardan istifadə olunur və bu sahədəki normalara riayət edilir. Boru xətləri beynəlxalq normalara sərt riayət şəraitində çəkiləcək, ərazilərdəki torpaq və su ehtiyatlarını qoruyacaq.

    Layihəyə "Snam" və "Saipem" kimi italyan şirkətlərinin cəlb edildiyinə münasibətdə N.Əliyev bildirib ki, həmin şirkətlər Azərbaycanın köhnə tərəfdaşlarıdır: "Saipem" 1994-cü ildən Azərbaycanda meqalayihələrə cəlb olunub və bizim 20 illik birgə iş təcrübəmiz var. Bu şirkətlərin layihəyə cəlb olunması mühümdür, onlar ölkəni, qanunvericiliyi bilir, yerli orqanlar tərəfindən tanınır. Bizim üçün etibarlıdırlar, düşünürəm ki, İtaliya üçün də həmin şirkətlərin bu layihədə iştirakı vacibdir".

    Qeyd edək ki, iyunun 13-də Romada İtaliya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi