Natiq Əliyev: "Nabucco" layihəsindəki çətinliklər Xəzər qazının Avropaya nəqlini gecikdirib"

Natiq Əliyev: "Nabucco" layihəsindəki çətinliklər Xəzər qazının Avropaya nəqlini gecikdirib" Azərbaycan qazının Avropaya nəqli 2012-ci ildə həyata keçirilməli idi
Energetika
10 Mart , 2016 14:36
Natiq Əliyev: Nabucco  layihəsindəki çətinliklər Xəzər qazının Avropaya nəqlini gecikdirib

Bakı. 10 mart. REPORT.AZ/ "Nabucco" boru kəməri layihəsindəki çətinliklər Xəzər qazının Avropaya nəqli prosesini gecikdirib. "Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Natural Gas Europe"a müsahibəsində bildirib.

"Layihə 2003-cü ildə düşünülüb, Avropa İttifaqı, eyni zamnda ABŞ tərəfindən dəstəklənib. "Şahdəniz" konsorsiumu yatağın ikinci mərhələsi layihəsinin inkişafı üzrə işlərə 2007-ci ildə başlayıb. "Şahdəniz-2"-dən qaz hasilatı və Avropaya qaz nəqli müvafiq olaraq 2011-ci və 2012- ci ildə həyata keçirilməli idi. Lakin indi Avropa İttifaqının siyasətinə görə 2020-ci ilə təxirə salınıb. Bu isə həm Azərbaycan, həm də "Şahdəniz" konsorsiumu üçün kapital itkisidir. Biz Avropa İttifaqına qaz ixracını yüksək qiymətlər olan vaxt başlaya bilərdik", - deyə N.Əliyev qeyd edib.

Energetika nazirinin sözlərinə görə, "Nabucco" konsorsiumunun strukturu əsaslı şəkildə səhv olub: "Fakt odur ki, 2003-cü ildə yaradılan "Nabucco"nun səhmdarları tamamilə və ya qismən dövlətə aid şirkətlər olub. Onların məqsədi İran, İraq, Rusiya və Xəzər regionundan qazı nəql etmək olub. Bu, sonra Xəzər regionu ilə məhdudlaşdırılıb. Konsorsiumun səhmdarlarına Avstriyanın OMV, Bolqarıstanın BEH, Rumıniyanın "Transgaz", Macarıstanın FTSZ şirkətləri daxil olub. Sırf kommersiya iştirakçısı isə Almaniyanın RWE şirkəti olub".

Nazir əlavə edib ki, "Şahdəniz" konsorsiumu 2011-ci ilə qədər "Şahdəniz-2" üçün 1 mlrd. dollar xərcləyib, amma "Nabucco" kəməri ilə bağlı aydınlıq yox idi.

"Həmin il daha yaxşı xəbər aldıq: ilk kəşfiyyat quyusunun qazılmasından sonra Fransanın "Total" şirkəti "Abşeron" yatağında ehtiyatların 350 mlrd. kubmetr olduğunu elan edib. Bundan sonra isə geriyə dönüş yox idi. Buna görə də Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi 2011-ci ildə meydana gəldi. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, iki qaz kompressor stansiyası ilə birgə "Şahdəniz-2" layihəsinin bir hissəsi oldu. Yeganə həll olunmayan məsələ Türkiyədən Avropaya qaz nəql edəcək marşrutla bağlı idi. "NabuccoWest" və Trans-Adriatik Boru Kəməri (TAP) arasında seçim edildi və TAP kəməri seçilib. Beləliklə, 3 500 km uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsi meydana gəlib", - deyə N.Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi