Çin Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlığı dərinləşdirmək, Azərbaycanın “yaşıl inkişaf”la bağlı strateji məqsədlərini dəstəkləmək, eləcə də məşğulluğa və yerli sənaye sahələrinin inkişafına töhfə vermək niyyətindədir.
“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ilin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.
O vurğulayıb ki, son illər Çin və Azərbaycan arasında əməkdaşlıq və nümayəndə heyətlərinin mübadiləsi xeyli aktivləşib və ilkin mərhələdə artıq nəzərəçarpan nəticələr əldə edilib.
"Ötən ilin oktyabrında Çin şirkəti tərəfindən inşa edilmiş 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası uğurla enerji sisteminə qoşulub. Stansiya ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək ki, bu da 110 min istehlakçını təmin etməyə və karbon qazı emissiyasını ildə 200 min tondan çox azaltmağa imkan verəcək", - D.Tao bildirib.
Onun sözlərinə görə, bu, Mərkəzi Asiya və Qafqazda ən böyük stansiyadır: "O, Çinlə Azərbaycan arasında “yaşıl enerji” əməkdaşlığı çərçivəsində nümunəvi layihəyə çevrilib. Bundan başqa, hazırda 240 MVt gücündə külək elektrik stansiyası layihəsi həyata keçirilir".