Yuxarı

Monitorinq: "Günəşli" yatağı ətrafında hər hansı neft dağıntısı müşahidə olunmayıb

Günəşli yatağında baş vermiş qəza ilə bağlı işçi qrupu ekoloji vəziyyətə dair son məlumatı açıqlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmaları və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupu tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da günün ikinci yarısında da davam etdirilib.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, monitorinqlər havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə aparılıb və təxminən 3 saat davam edib: "Qəza rayonunda hər hansı neft dağıntısı müşahidə olunmayıb".

Eyni zamanda, həmin ərazidə ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün orada olan monitorinq gəmisindən əldə edilən məlumatlarda da qətiyyətlə bildirilir ki, indiyə kimi “Günəşli” yatağı və “Neft Daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb.

"Hazırda baş verə biləcək neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir. Bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması və bu yolla mümkün ekoloji fəsadların qarşısının əvvəlcədən alınması məqsədi daşıyır. Onu da qeyd etmək lazımdır ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb", - deyə SOCAR-dan bildirilib.

Xatırladaq ki, işçi qrupunun tərkibinə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri daxildir. “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupuna təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi