MOL I yarımildə Azərbaycanda neft hasilatını ötənilki səviyyədə saxlayıb
- 11 avqust, 2025
- 13:44
Macarıstanın MOL şirkəti bu ilin birinci yarısında Azərbaycanda gündəlik 12,6 min barel neft hasil edib.
“Report” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisinə uyğundur.
MOL-un məlumatına görə, bu ilin yanvar-iyun aylarında şirkətin Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və digər ölkələrdə həyata keçirilən layihələrdə ümumi gündəlik neft hasilatı (ayrılmış kondensat nəzərə alınmadan) orta hesabla 40,6 min barel neft ekvivalentinə çatıb (artım 5,45 %). Beləliklə, 2025-ci ilin birinci yarısında şirkətin bütün neft hasilatının 31 %-i Azərbaycanın payına düşüb.
Bu dövrdə şirkətin ümumi gündəlik karbohidrogen (qaz da daxil olmaqla) hasilatı 93,8 min barel neft ekvivalenti (+1,7 %) təşkil edib. Birinci yarımildə şirkətin bütün hasilatının 13,4 %-i Azərbaycanın payına düşüb.
2025-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik karbohidrogen xammalı hasilatı 12,8 min barel neft ekvivalentinə (+4,1 %) bərabər olub. Bu dövrdə şirkətin ümumi gündəlik hasilatı 93,5 min barel neft ekvivalenti (+1,5 %) təşkil edib. İkinci rübdə şirkətin bütün hasilatının 13,7 %-i Azərbaycanın payına düşüb.
Qeyd edək ki, hazırda MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 % və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində 8,9 % paya malikdir. Bu ilin iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb. Ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub. İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 %, SOCAR-ın isə 35 % paya sahib olacaq.
Şirkət dünyanın 8 ölkəsində istehsal fəaliyyəti həyata keçirir və 9 ölkənin neft və qaz sənayesində fəal şəkildə iştirak edir.