Millət vəkili: "SOCAR-la təbii qaz çatışmazlığının doldurulması müzakirə olunacaq"

Millət vəkili: "SOCAR-la təbii qaz çatışmazlığının doldurulması müzakirə olunacaq" SOCAR prezidenti hazırda Gürcüstandadır
Energetika
13 Yanvar , 2016 12:50
Millət vəkili: SOCAR-la təbii qaz çatışmazlığının doldurulması müzakirə olunacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə Tbilisidə keçiriləcək görüşdə Gürcüstanda təbii qaz çatışmazlığının doldurulması məsələsi müzakirə olunacaq. "Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu gürcü millət vəkili Giya Volski bildirib.

Onun sözlərinə görə, son günlər çoxlu dezinformasiya yayılır: "Məsələ ondadır ki, Gürcüstan SOCAR vasitəsilə strateji tərəfdaşı Azərbaycandan bəlli həcmdə təbii qaz alır və bu, həcm tələbatın əsas hissəsini ödəyir. 2003-cü ildən kəsirin müəyyən hissəsi "Qazprom" vasitəsilə ödənilir. "Qazprom" şirkətinin öz maraqları var, bu maraq Ermənistana təbii qaz ötürülməsidir və təbii ki, qaz Gürcüstan ərazisi ilə ötürülür. Deməli, qarşılıqlı asılılıq mövcuddur", - deyə G.Volski əlavə edib.

O qeyd edib ki, əlavə olaraq 2003-cü ildən mövcud olan çatışmazlığın doldurulmasına ehtiyac var: "Söhbət "Qazprom" tərəfindən təmin edilən 40 mln. kubmetrdən 130-150 mln. kubmetrə qədər olan müxtəlif həcmlərdən gedir. Bu gün SOCAR nümayəndələri ilə görüşdə də təbii qaz çatışmazlığının doldurulması məsələsi müzakirə olunacaq. Görüşdə qiymət məsələsi müzakirə olunacaq və haradan, hansı mənbədən çatışmazlığın doldurulması barədə müvafiq qərar qəbul olunacaq".

Qeyd edək ki, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda Gürcüstanda səfərdədir. Onun bu ölkənin rəsmiləri ilə görüşünün keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Gürcüstanla Rusiyanın "Qazprom" şirkəti arasında Ermənistana nəql olunan Rusiya qazının tranzit haqqı kimi təbii qaz şəklində deyil, pul şəklində ödənilməsi ilə bağlı danışıqlar aparılır.

Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qazın ümumi həcmindən tranzit haqqı kimi 10% təbii qaz alır. Gürcüstan 2007-ci ildən birbaşa olaraq Rusiyadan təbii qaz almır. Bu ölkənin əsas qaz təchizatını Azərbaycan həyata keçirir.

Son xəbərlər

Orphus sistemi