Yuxarı

Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" dönüş nöqtəsi olacaq"

Türkiyənin enerji və təbii ehtiyatlar naziri: TAP və TANAP dayanıqlı təhlükəsiz enerji zəncirinin başlanğıcıdır

Bakı. 17 may. REPORT.AZ/ "Bu gün tarixi gündür. "Cənub Qaz Dəhlizi" dövrümüzün ən böyük infrastruktur layihəsidir. Trans-Adriatrik Boru Kəməri bu layihənin vacib hissəsindən biridir. Bu layihə təkbaşına ərsəyə gəlməyib. Bu, layihədə iştirak edən ölkələrin və TAP Konsorsiumuna daxil olan şirkətlərin böyük işinin nəticəsidir".

"Report" xəbər verir ki, bunu Salonikidə (Yunanıstan) bu gün keçirilən TAP-ın təməlqoyma mərasimində Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

O qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması dönüş nöqtəsi olacaq. 

Avropa Komissiyasının rəsmisi "Cənub Qaz Dəhlizi" layihəsinin bütün seqmentləri - Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TAP, TANAP kəmərlərinin Komissiyanın ümumi maraqlar layihələrinə daxil edildiyini bildirib: "TAP eyni zamanda Mərkəzi və Cənub-Şərqi Avropanın qaz bağlılığının müvəffəqiyyəti üzrə əsas layihələrdən biri kimi qiymətləndirilir".

M.Şefçoviç qeyd edib ki, 2020-ci ildə Azərbaycan qazı Avropaya çatdırılacaq: "Bu, bir nəticə olacaq, lakin son deyil. "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi, TAP-ın ilkin olan 10 mlrd. kubmetrlik ötürmə qabiliyyətinin artırılması mümkün olacaq. Bizim Xəzər dənizi və Mərkəzi Asiya regionu ölkələrindən əlavə həcmdə qaz almaq maraqlarımızı qeyd etmək istəyirəm".

Mərasimdə çıxış edən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan və Gürcüstanın uğurlu eneji əməkdaşlığından danışıb, nəhəng eneji layihələri həyata keçirdiyini qeyd edib.

O, "Cənub Qaz Dəhlizi" layihəsinin də uğurla həyata keçiriləcəyinə inandığını bildirib. Baş nazir əlavə edib ki, Gürcüstan tranzit ölkə olaraq bu layihələri dəstəkləyir.

Tədbirdə çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə qeyd edib ki, TAP və TANAP dayanıqlı təhlükəsiz enerji zəncirinin başlanğıcıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi