Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilkin mərhələdə İtaliyanın qaz ehtiyacının 13%-ni qarşılayacaq.
“Report” xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda bildirib.
Nazir TAP layihəsinin İtaliyanın enerji təhlükəsizliyi üçün vacib olduğunu qeyd edib. O həmçinin əlavə edib ki, TAP enerji mənbələrinin şaxələndirilmısi baxımından önəmlidir.
Qeyd edək ki, 2013-cü il sentyabrın 19-da “Şahdəniz” qazının Avropa alıcıları olacaq 9 şirkətlə 25 illik qaz satışı sazişləri imzalanıb. İlkin mərhələdə Avropaya çatdırılacaq 10 mlrd. kubmetr ümumi həcmdən hər birinə təqribən 1 mlrd. kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək.