Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunanısııtan-Bolqarıstan İnterkonnektorunun (İGB) Yunanıstan və Bolqarıstan ərazisində əməliyyat aparılması üçün icazə verilib.
Bu barədə “Report” ICGB-nin əməliyyat şirkətinə istinadən xəbər verir.
Bildirilir ki, bu, kəmərin oktyabrın 1-də kommersiya fəaliyyətinə başlamasına imkan verir. Bu, Yunanıstan və Bolqarıstan ərazisində interkonnektorun qanuni şəkildə işə salınması üçün zəruri olan son inzibati addımdır.
Xatırladaq ki, qaz kəmərinin istismarına icazənin verilməsi üçün ilkin şərtlərin yerinə yetirilməsi üçün hazırlıq işlərinə bu ilin yanvar ayından başlanılıb.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.