IGB-nin illik ötürücülük gücünün təxminən yarısı artıq sifariş edilib

Energetika
  • 21 iyul, 2022
  • 13:18
IGB-nin illik ötürücülük gücünün təxminən yarısı artıq sifariş edilib

Azərbaycan təbii qazının Bolqarıstana nəqli üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) illik 3 milyard kubmetrlik ötürücülük gücünün təxminən yarısı artıq öncədən sifariş edilib. Bunun üçün də yerli bazarın tələbini ödəmək üçün ilkin həcmlər Yunanıstandan Bolqarıstana nəql olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Upstream"ə IGB-nin layihə şirkəti olan İCGB-dən məlumat verilib.

Bildirilir ki, iyulun əvvəlində IGB istismara verilmə prosesinin bir hissəsi olaraq təxminən 3,7 milyard kubmetr qaz yüklənib.

Şirkətdən qeyd edilib ki, boru kəmərinin kommersiya fəaliyyətinə başlaması iki əsas elementdən - boru kəmərinin ümumi hazırlığından və Bolqarıstan və Yunanıstanda bir sıra inzibati prosedurların başa çatdırılmasından asılıdır.

Hazırda podratçı interkonnektorun bütün uzunluğu boyunca avtomatik işləyəcək rabitə və idarəetmə sisteminin tətbiqi və sınaqdan keçirilməsi üzərində işləyir.

Eyni zamanda, layihə şirkəti hesab edir ki, "lazımi inzibati prosedurların həyata keçirilməsi üçün Yunanıstan və Bolqarıstanda aktiv və davamlı institusional dəstək" lazımdır.

Bu prosedurlar üç aya qədər çəkə bilər. Lakin layihənin əhəmiyyətini nəzərə alaraq, IGB boru kəmərinin soyuq mövsümdən əvvəl istifadəyə verilməsi üçün "bu prosesləri sürətləndirmək üçün siyasi iradənin" olacağına ümid edir, deyə şirkət sözçüsü bildirib.

Operator 2023-cü il oktyabrın 1-dən gec olmayaraq ilk qaz tədarükünə başlayacağını gözləyir.

Xatırladaq ki, qaz kəməri 2022-ci il iyulun 8-də rəsmən istifadəyə verilib.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

44 - Tezliklə