IEA: “Yaşıl” elektrik tələbatı ödəyə bilməz

IEA: “Yaşıl” elektrik tələbatı ödəyə bilməz Dünya boyu elektrik enerjisinə olan tələbat 2020-ci ildə 1 % azaldıqdan sonra cari və gələn il xeyli artacağı üçün “yaşıl” elektrik enerjisi onu qarşılamaq gücündə deyil
Energetika
16 İyul , 2021 19:09
IEA: “Yaşıl” elektrik tələbatı ödəyə bilməz

Dünya boyu elektrik enerjisinə olan tələbat 2020-ci ildə 1 % azaldıqdan sonra cari və gələn il xeyli artacağı üçün “yaşıl” elektrik enerjisi onu qarşılamaq gücündə deyil.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) elektrik bazarına dair hesabatına görə elektrik enerjisinə tələbat 2021-ci ildə 5 %, 2022-ci ildə isə 4 % artacaq. Halbuki bərpa olunan mənbələr hesabına elektrik istehsalının da cari ildə 8 %, gələn il isə 6 % artacağı gözlənilsə də, bütöv tələbat həcminin cəmi yarısını qarşılamağa qadirdir. Yeraltı yanacaq vasitəsilə elektrik istehsalının isə 2021-ci ildə əlavə tələbatın 45 %-ini, 2022-ci ildə isə 40 %-ini qarşılayacağı bildirilir.

Elektrik enerjisi istehsalında karbon tullantıları isə bu il 3,5 %, gələn il də 2,5 % artacaq. Belə ki, elektrik istehsalında ənənəvi yeraltı yanacağın üstün mövqedə qalacağı gözlənilir. Hesabata görə ötən il dünya elektrik istehsalının 34 %-i kömürün, 25 %-i qazın payına düşüb.

“Dünyanın bir çox regionlarında bərpa olunan enerji istehsalı yüksək sürətlə inkişaf etsə də, əsrin ortalarınadək karbon emissiyasını səfərlamaq hədəfinə çatmağımız üçün hələ də bəs etmir. Pandemiyadan sonra iqtisadiyyat dirçəldikcə yeraltı yanacaq hesabına elektrik istehsalında sıçrayış görürük. Odur ki, ekoloji təmiz enerji texnologiyalarına, xüsusilə bərpa olunan mənbələrə, habelə enerji qənaətinə yatırımları xeyli artırmalıyıq”, – deyə IEA-nın enerji bazarları və təhlükəsizlik direktoru Keisuke Sadamori bildirib.

Qeyd edək ki, 2050-ci ilədək sıfır karbon emissiyası hədəfi Yer kürəsi atmosferinin sənaye dövründən əvvəlkinə nisbətən isinməsini 1,5 dərəcə çərçivəsində saxlamaq barədə Paris sazişinin müddəasını yerinə yetirməyin mühüm şərti hesab olunur. Bu mənada cari ilin sonunda Qlazqoda keçiriləcək COP26 iqlim zirvə görüşünün böyük əhəmiyyət daşıyacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi