Yuxarı

İtaliya Senatının sədr müavini: “TAP-ın reallaşması ilə münasibətlər daha da möhkəmlənəcək”

Azərbaycan İtaliyanın enerji sahəsində strateji tərəfdaşıdır

Bakı. 2 noyabr. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report" Energetika Nazirliyindən bildirilib. 

Məlumata görə, iki ölkə arasında tarixən sıx əlaqələrin olduğunu vurğulayan nazir enerji əməkdaşlığını və həyata keçirilən qlobal enerji layihələrini Azərbaycan-İtaliya münasibətlərini daha da dərinləşdirən mühüm faktorlar kimi xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biridir. İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən enerji layihələrində uğurla təmsil olunur. 

P.Şahbazov enerji mənbələri və marşrutlarının diversifikasiyasının Azərbaycanın enerji siyasətinin prioriteti olduğunu qeyd edərək deyib ki, qlobal enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizi bu siyasətin həyata keçirilməsini təmin etməklə yanaşı, bu layihədə iştirak edən bütün ölkələrin iqtisadi inkişafında, etibarlı enerji təchizatında mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən biri kimi Trans-Adriatik Boru Kəmərinin (TAP) İtaliya ərazisindən keçməsi isə bu ölkəni Azərbaycan üçün vacib tərəfdaşa çevirir.

L.Lanzillotta isə ölkəsinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan İtaliyanın enerji sahəsində strateji tərəfdaşıdır və bu münasibətlər TAP-ın reallaşması ilə daha da möhkəmlənəcək. İtaliya rəsmisi ölkəsinin mərkəzi hökuməti tərəfindən layihəyə lazımi dəstək verildiyini qeyd edib, TAP-ın 2020-ci ildə İtaliya ərazisində Azərbaycan qazını qəbul etməyə hazır olacağına inamını ifadə edib.

Görüşdə TAP layihəsi üzrə görülən işlərin son vəziyyəti, layihənin ətraf mühitə təsiri və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb. Layihə üzrə işlərin 60%-nin tamamlandığı bildirilib. Qeyd edilib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinin İtaliyanın mövqeyini gücləndirməsi, eləcə də Əlcəzairlə 35 mlrd. kubmetrlik qaz həcmləri üzrə uzunmüddətli təchizat müqavilələrinin müddətinin 2020-ci ildə bitməsi ilə TAP-ın əhəmiyyəti daha da artacaq. Bütün bu amillərin layihənin strateji dəyərini artırmaqla bərabər, işlərin qrafikə uyğun aparılmasını da zəruri etdiyi bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi