Bakı. 4 may. REPORT.AZ/ İran gündəlik neft hasilatını 3,8 mln. barel səviyyəsinə qədər yüksəldib. Bu barədə "Report" İran Dövlət Neft Şirkətindən (National İranian Oil Co., NİOC) "Bloomberg" agentliyinə verilən məlumata istinadən xəbər verir.
Qeyd edək ki, Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatlarına görə, İranın sanksiyalar tətbiq edilməmişdən öncə hasil etdiyi neftin gündəlik həcmi 3,3 - 3,7 mln. barel olub. Keçən ay NİOC-un icraçı direktoru Röknəddin Cavadinin İranın hasilatı sanksiyalardan öncəki səviyyəyə iyunda çatdıra biləcəyi barədə açıqlamalarına baxmayaraq, İran artıq may ayında buna nail olub.
İran gündəlik hasilatı 2017-ci ilin mart ayına qədər 4 mln. barelə çatdırmağı planlaşdırır. Lakin şirkətin bu hədəfə daha tez nail olacağı gözlənilir. Qeyd edək ki, sanksiyalar nəticəsində İranın neft hasilatı gündəlik 1 mln. barelə yaxın azalıb.
"Report" xəbər verir ki, İranın hasilatı sanksiyalar öncəsi səviyyəyə qədər artırması iyun ayında neft hasil edən ölkələrin hasilatı azaltmaq üçün keçiriləcək sammitə qoşulmasına imkan verə bilər. Belə ki, İran rəsmiləri bundan əvvəlki Doha sammitində iştirak etməmələrinin səbəbini məhz hasilatın sanksiyalar öncəsi səviyyəyə çatmaması ilə əlaqələndirirdilər.