​İlham Əliyev: " “Cənub” qaz dəhlizi artıq reallıqdır"

​İlham Əliyev: " “Cənub” qaz dəhlizi artıq reallıqdır" "Milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır"
Energetika
11 Mart , 2016 01:01
​İlham Əliyev:  “Cənub” qaz dəhlizi artıq reallıqdır

Bakı. 11 mart. REPORT.AZ/ "Fevralın 29-da 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə imzalanıb ki, orada Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanıb. Yəni, bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışında çıxışı zamanı bildirib.

"Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Ötən ayın sonu - fevralın 29-da biz Bakıda, həmin bu zalda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq", - deyə prezident qeyd edib.

Prezident bildirib ki, həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir:

"Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcək.

Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqələndirməyə ehtiyacı vardır. Fevralın 29-da məhz bu zalda 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə Bəyannamə imzalanıb ki, orada Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanıb. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq və kəmərin marşrutu boyu yerləşən ölkələrin adlarını sadalamaq istərdim – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da Bəyannaməni imzalayıb və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olub. Yəni, bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır".

Onun sözlərinə görə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Prezidentin fikrincə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir.

"Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir və biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.

Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcək. Baxmayaraq ki, bu gün biz dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaq. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaq. Burada hər kəs üçün yer olacaq. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var", - deyə İlham Əliyev vurğulayıb.

O bildirib ki, " “Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni, burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. Hesab edirəm, “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər".

Son xəbərlər

Orphus sistemi