Azərbaycan və Çin müxtəlif sahələrdə, xüsusilə "yaşıl enerji” sahəsində möhkəm əməkdaşlıq qurub.
Bu barədə “Report”a Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin professoru Hunşen Şen bildirib.
"Bizim külək və günəş enerjisi kimi istiqamətlərdə, həmçinin investisiya və biznes sahəsində gözəl əməkdaşlığımız var. Hər iki ölkə bu sektorlarda qarşılıqlı anlaşma və fəaliyyətin yüksək səviyyəsini nümayiş etdirir", - professor vurğulayıb.
H.Şen həmçinin ikitərəfli əlaqələrin inkişafının ən perspektivli istiqamətlərindən biri kimi təhsil və mədəni mübadilənin əhəmiyyətini qeyd edib.
"Hazırda Azərbaycandan bir neçə tələbə Çində magistr və fəlsəfə doktoru dərəcəsi üzrə təhsil alır. Fikrimcə, məhz təhsil və mədəni mübadilə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün ən səmərəli vasitə ola bilər", - o əlavə edib.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarından danışan professor Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) qeyd edib: "Hələlik Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü deyil, lakin gələcəkdə siz bu mühüm beynəlxalq platformaya qoşulacaqsınız".