​Gürcüstanda tikiləcək yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq

​Gürcüstanda tikiləcək yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq Bu gün Tbilisidə layihənin təqdimat mərasimi keçirilib
Energetika
15 Aprel , 2016 14:54
​Gürcüstanda tikiləcək yeraltı qaz anbarı Azərbaycan qazı hesabına doldurulacaq

Tbilisi. 15 aprel. REPORT.AZ/ Gürcüstanda ilk dəfə yeraltı qaz anbarı tikiləcək. Anbar Azərbaycandan alınacaq təbii qazla doldurulacaq. "Report" xəbər verir ki, bu barədə yeraltı qaz anbarının texniki-iqtisadi əsaslandırması layihəsinin bu gün Tbilisidə keçirilən təqdimat mərasimində məlumat verilib.

Mərasimdə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə bildirilib ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Bu problemi həll etmək üçün yeraltı qaz anbarı tikiləcək. Anbarın texniki layihəsini Fransanın “Jeostik” şirkəti hazırlayıb. Anbarda təqribən 250 mln. kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə hazırda Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15%-nə bərabərdir.

Tikinti işlərinin aparılmasında isə bir neçə şirkət, o cümlədən, Azərbaycan tərəfi də maraqlıdır.

"SOCAR Energy Georgia" şirkətinin baş direktoru M.Məmmədov "Report"a açıqlamasında deyib ki, belə bir anbarın Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacibliyi dəfələrlə qeyd olunub: "Anbarın tikintisi ilə bağlı artıq layihə hazırlanıb. Biz layihənin hazırlığı və digər məsələlərlə yaxından maraqlanmışıq, bəzi səmərəli təkliflər də vermişik. Layihələndirmə, eləcə də gələcəkdə tikinti işlərində iştirakımıza dair danışıqlar da aparmışıq. Müəyyən razılaşmalar var və artıq bəzi sənədlər də imzalanıb".

M.Məmmədov qeyd edib ki, yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək. Anbara təqribən 250 mln. kubmetr mavi yanacaq vurulacaq: "Bu bir qədər az görünsə də, Gürcüstan üçün yetərlidir. Anbar Azərbaycandan alınacaq təbii qaz hesabına doldurulacaq".

"Layihədə nəzərdə tutulmuş işlər iki mərhələdə həyata keçiriləcək. Bunlardan birincisi tikinti-quraşdırma işləri, digəri isə bu anbarın kommersiya idarəçiliyidir. Bunların hər ikisində Azərbaycan tərəfinin iştirakı nəzərdə tutulur", - deyə M.Məmmədov bildirib.

K.Kaladze isə "Report"a bildirib ki, bu layihə Gürcüstan üçün strateji əhəmiyyətə malikdir: "Layihə üçün 50 mln. dollar ayrılması nəzərdə tutulub. Bir neçə şirkət, o cümlədən, SOCAR bu layihənin reallaşmasında maraqlıdır. SOCAR həm maliyyələşmə, həm də tikinti işlərində iştirak etməkdə maraqlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır".

Son xəbərlər

Orphus sistemi