Gələn il ARDNF-ə neft və qaz sazişlərindən bonus ödənişləri artacaq
- 29 noyabr, 2022
- 12:52
2023-cü ildə Azərbaycanda imzalanmış neft və qaz sazişlərinin icrası ilə bağlı sərmayəçilər tərəfindən 471 milyon ABŞ dolları və ya 800,8 milyon manat məbləğində bonus ödənişlərinin ödəniləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Bildirilir ki, bu, manat ifadəsilə 2021-ci ilin müvafiq icra göstəricisindən 23,8 milyon manat və ya 3,1 %, 2022-ci ilin təsdiq edilmiş göstəricisindən 32,1 milyon manat və ya 4,4 %, gözlənilən icra göstəricisindən isə 31,9 milyon manat və ya 4,1 % çoxdur.
Qeyd edək ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları bonus ödənişi müəyyən edilib.
Bonus məbləğinin 6-ci hissəsi üzrə 450 milyon ABŞ dolları və ya 765 milyon manatın 2023-cü ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.
“Şahdəniz” yatağı üzrə bonus ödənişlərinin 0,2 milyon ABŞ dolları olması nəzərdə tutulub.
Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə və ona edilən düzəlişlərə əsasən “Abşeron” dəniz bloku üzrə 2023-cü ildə nəzərdə tutulan bonus ödənişinin məbləği 20,8 milyon ABŞ dolları təşkil edir. Qeyd olunan bonus ödənişlərinin birdəfəlik xarakter daşımaqla kommersiya istehsalına başlanıldıqdan sonra 30 gün ərzində ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə uyğun olaraq, “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilənin müddəti 2036-cı ildən 2048-ci ilə qədər uzadılıb. SOCAR və BP-nin (layihə operatoru) layihədə iştirak payı müvafiq olaraq 16,7 % və 28,8 %-ə yüksəlib.
Müqavilə tərəfləri arasında pay bölgüsü: BP - operator (29,99 %), AzSD (14,35 %), “SGC Upstream” (6,67 %), “Lukoil” (19,99 %), NICO (10 %) və TPAO (19%).
Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50 %) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb. “Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7 411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini uğurla başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və işlər Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.