Fransa mütəxəssisləri Azərbaycanda yeni enerji sahələrinin tədqiqatını aparacaq

Fransa mütəxəssisləri Azərbaycanda yeni enerji sahələrinin tədqiqatını aparacaq Energetika naziri Natiq Əliyev Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Energetika
12 Fevral , 2016 17:30
Fransa mütəxəssisləri Azərbaycanda yeni enerji sahələrinin tədqiqatını aparacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Orelia Buşez Energetika Nazirliyində olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycanla Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan energetika naziri Natiq Əliyev bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət olunduğunu deyib. İkitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının səfərlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edən N.Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib.

O bildirib ki, Fransa şirkətləri Azərbaycanın neft-qaz və neft məhsulları sənayesində yaxından iştirak edir: "Belə ki, “Total” Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiumun 5%-nə və Cənubi Qafqaz Boru Kəmərini genişləndirmə Layihəsində 10% iştirak payına malikdir. Bundan başqa, “Total” və “Gaz de France “ şirkətləri ilə "Abşeron" yatağı üzrə əməkdaşlıq enerji sahəsindəki əlaqələrə töhfədir".

Nazir qeyd edib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən (Mərhələ-2) hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın “Gaz de France “ şirkətidir. Belə ki, şirkət 65 mlrd. kubmetr qaz alacaq. N.Əliyev Fransa ilə enerji sahəsində uzun illər əməkdaşlıq etmək üçün kifayət qədər imkanların olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, səfir Azərbaycan-Fransa münasibətlərində enerji amilinin rolunu yüksək qiymətləndirərək, Fransa şirkətlərinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşması çərçivəsində aparılan tikinti işləri, eləcə də neft emalı, neft-kimya sənayesində iştirakda maraqlı olduqlarını bildirib. Sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşmış “Air Liquide” və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması istiqamətində “Axens” şirkətlərinin fəaliyyətinə toxunan səfir onu da əlavə edib ki, hazırda yeni enerji sahələrinin müəyyənləşdirilməsinə güclü diqqət var. Azərbaycanda yeni enerji sahələrinin tədqiqatı məqsədilə Fransadan bir qrup mütəxəssisin səfəri planlaşdırılır. 

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi