Fikrət Yusifov: “Dizellə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır”

Fikrət Yusifov: “Dizellə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır” Azərbaycanda dizel yanacağının qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır.
Energetika
1 İyul , 2024 12:08
Fikrət Yusifov: “Dizellə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır”

Azərbaycanda dizel yanacağının qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır.

Bunu “Report”a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

“Dizel yanacağı ekologiyanı daha çox korlayır. Bu yanacaq növünün qiymətinin benzinin qiymətinə yaxınlaşdırılmasını şərtləndirən bir əsas səbəb də odur ki, son zamanlar ekologiyanı daha çox çirkləndirən dizel yanacağı ilə işləyən avtomobillərin ölkəmizə idxalında artımlar müşahidə olunmaqdadır. Bu isə hökumətin ekoloji təmizliyin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursa uyğun olmayan bir ənənədir və onun aradan qaldırılması şərtdir. Nəzərə alaq ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiymətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir”,- deyə o qeyd edib.

F.Yusifov “Aİ-92” markalı benzinin istehsalı və satışının dünyanın bir çox ölkələrində artıq çoxdan dayandırıldığını diqqətə çatdırıb: “Yəni indi dünyada avtomobillər üçün daha çox “Aİ-95” markalı benzindən istifadə olunur. Azərbaycanda bu markalı benzin istehsal edilmədiyindən, biz onu idxal edirdik. İdxal isə baha başa gəldiyindən həmin benzinin 1 litrinin pərakəndə satış qiyməti 2 manat təşkil edirdi. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması ilə bu markadan olan benzinin yerli xammal hesabına istehsalı onun qiymətini 0,40 manat ucuzlaşdırmağa imkan verdi. Yaxın gələcəkdə Azərbaycanda daha çox avtomobillərin "Aİ-95" benzinindən istifadə edəcəyini nəzərə alsaq, onun qiymətinin 20 % ucuzlaşdırılmasını hökumətin benzinin qiymətlərinin insanlarımızın büdcəsinə uyğunlaşdırılması istiqamətində bir addımı kimi dəyərləndirə bilərik. Müqayisə üçün deyək ki, "Aİ-95" markalı benzinin yeni qiyməti dünyanın əksər ölkələrində və hətta MDB məkanındakı ölkələrin çoxunda həmin markadan olan benzinin qiymətindən çox aşağıdır”.

Ekspert hesab edir ki, NEZ-də aparılan yenidənqurma və modernizasiya işlərinin nəticəsində yerli bazarın benzinə olan təlabatı Avro-5 standartlarına uyğun təmin ediləcəkdir: “Keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxacaq və bütövlükdə yanacaq sərfi aşağı düşəcəkdir. Ən əsası isə bu, bölgədə "yaşıl enerji" istehsalının lokomotivinə çevrilməkdə olan, cari ilin noyabr ayında bəşəriyyəti ciddi narahat edən iqlim problemlərinin həlli yollarının axtarışını nəzərdə tutan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edəcək ölkəmizin bu istiqamətdə müəyyən etdiyi kursa tam uyğun addımdır”.

Xatırladaq ki, Tarif Şurasının son qərarına əsasən iyulun 1-dən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,10 manat artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,20 manat artırılaraq 1 manat olub. İyulun 15-dən isə “Aİ-95” markalı benzinin qiyməti 0,40 manat azalaraq 1,60 manat olacaq.

Son xəbərlər

Orphus sistemi