Fatih Birol: Azərbaycan Avropaya qaz tədarükünü artırmaqla etibarlı tərəfdaş statusunu yenidən təsdiqlədi
- 12 iyun, 2025
- 18:39
Azərbaycan Avropa üçün ən çətin məqamda qaz tədarükünü artıraraq, həm Aİ üçün, həm də onun hüdudlarından kənarda etibarlı tərəfdaş rolunu bir daha nümayiş etdirdi.
Bu barədə “Report”un Avropa bürosuna Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.
"Dünən Brüsseldə COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə COP30 ilə bağlı çox vacib görüş keçirdik. Görüşdə digər məsələlərlə yanaşı, COP29-un nailiyyətlərini və COP30-dan gözləntiləri müzakirə etdik", - F.Birol qeyd edib.
Onun sözlərinə görə, enerji keçidi üzrə COP30-BEA yüksəksəviyyəli dialoqu konfransının bütün iştirakçıları ötən il Bakıda keçirilmiş iqlim konfransında Azərbaycanın səylərini yüksək qiymətləndiriblər.
“Bu gün burada, Brüsseldə 100-ə yaxın ölkənin nümayəndələrinin və bir sıra nazirlərin, baş icraçı direktorların və şirkətin nümayəndələrinin iştirakı ilə Qlobal Enerji Effektivliyi Konfransı öz işinə başlayıb. Çox şadam ki, çıxış edənlər arasında Azərbaycanın qlobal və regional enerji bazarlarında kritik əhəmiyyətini vurğulayan Azərbaycanın energetika naziri Pərviz Şahbazov da var idi. Avropa üçün çətin günlərdə ixracı artıraraq həm Aİ üçün, həm də onun hüdudlarından kənarda etibarlı tərəfdaş statusunu bir daha təsdiq edən Azərbaycana şəxsən təşəkkür etmək istərdim”, - Birol bildirib.
10-cu illik Qlobal Enerji Səmərəliliyi Konfransında çıxış edən Birol enerji səmərəliliyinin həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm də iqlim böhranı ilə mübarizədə mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, son illər elektrik enerjisinə tələbat kəskin şəkildə artıb ki, bunun da əsas amili qlobal istiləşmə fonunda kondisionerlərdən istifadənin artması olub.
O vurğulayıb ki, verilən nümunə əyani şəkildə göstərir ki, təkcə kondisionerləri enerji istifadəsi baxımından səmərəli etməklə və bu yanaşmanı digər sahələrə də yaymaqla bir çox problemləri aradan qaldırmaq olar.
“Enerji səmərəliliyi sahəsində problemlərin həlli enerji sisteminin hər hansı digər hissəsinə nisbətən daha asandır. Kondisionerlərin səmərəliliyini artırsaydıq, daha az enerji istehlak edərdik, vətəndaşlar daha az pul xərcləyərdi və tullantılar azalardı”, - Birol qeyd edib.
Onun sözlərinə görə, BEA bütün yanacaq növləri ilə, bütün texnologiyalarla işləyir. “Niyə biz enerji səmərəliliyinə bu qədər önəm veririk? Çünki biz bunu “birinci yanacaq” hesab edirik. Neft, qaz, günəş və külək enerjisindən, su və nüvə enerjisindən əvvəl enerji səmərəliliyi gəlir və hər bir ölkənin bu sahədə mühüm potensialı var”, - deyə o fikrini tamamlayıb.