Yuxarı
    Bağlamaq

    Energetika Nazirliyində “Astana EXPO-2017” Beynəlxalq Sərgisinə hazırlıq məsələləri müzakirə edilib

    Azərbaycanın sərgidə təmsil olunması üçün SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, ABOEMDA kordinasial şəkildə işləyib

    Bakı. 31 mart. REPORT.AZ/ İyunun 10-dan sentyabrın 10-na qədər Qazaxıstanın paytaxtı Astanadak keçiriləcək “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisinə hazırlıq prosesi energetika naziri Natiq Əliyevin rəhbərliyi və Azərbaycan Milli Pavilyonunun tərtibat və quraşdırma işlərinə məsul olan “Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmazın iştirakı ilə müzakirə edilib. 

    Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

    Məlumatda deyilir ki, toplantıda nazir Heydər Əliyev Fondunun xüsusi dəstəyi və rəhbərliyi ilə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycanın sərgidə layiqincə təmsil olunması üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji” və “Azərişıq” ASC-lər, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akedemiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərildiyini diqqətə çatdırıb. O, 25 yanvar 2017-ci il tarixində 403,3 kvadratmetrlik əraziyə malik Azərbaycan Milli Pavilyonunun təhvil alındığını, 9 iyul tarixinə isə “Milli Gün”ün nəzərdə tutulduğunu qeyd edib, hazırlıq işlərinin vaxtında başa çatdırılmasının vacibliyini vurğulayıb.

    “Adunic AG” şirkətinin nümayəndəsi Gökan Yılmaz isə Azərbaycan Milli Pavilyonunun məzmun və tərtibatı ilə bağlı təqdimat edib. O, bildirib ki, Azərbaycanın tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsini tərənnüm edən pavilyon “Odlar Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanıb. Sərgidəki milli pavilyonda Azərbaycanın tarixi-mədəni özəllikləri, müasir həyatı və enerji potensialı xüsusi texnologiyaların köməyi ilə çatdırılacaq. Müasir metodlar izləyicilərin həm məlumatlandırılmasına, həm də əyləndirilməsinə şərait yaradacaq. Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, Qobustan qayaüstü təsvirləri, köhnə və yeni Bakının memarlıq inciləri və s. təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Bakıda maraqlı virtual gəzinti nəzərdə tutulub. Burada məqsəd Azərbaycanın turizm imkanlarının tanıtmı və ölkəmizə turistlərin cəlbinə nail olmaqdır. Bütün bu tərtibat və quraşdırma işlərinin mayın 12-dək yekunlaşdırılması, pavilyonun fasadının isə mayın sonuna hazır olması planlaşdırılır.

    Təqdimatın yekununda N.Əliyev sərginin məzmunu ilə bağlı əlavə təkliflər irəli sürərək, enerjidən istifadə sahəsində nailiyyətlər və perspektivlər, o cümlədən ekoloji təmizlik, enerji resurslarından istifadə zamanı ətraf mühitin mümkün qədər qorunması, enerji və yeni texnologiyaların qarşılıqlı əlaqəsi kimi mövzuların əks olunmasını tövsiyə edib.

    Xatırladaq ki, Azərbaycanın “Astana EXPO-2017” Beynəlxalq Sərgisində iştirakı ilə bağlı müqavilə 4 dekabr 2015-ci il tarixində imzalanıb. Prezident İlham Əliyevin müvafiq göstərişi ilə energetika naziri Natiq Əliyev ölkəmizi “EKSPO 2017” sərgisində təmsil edəcək milli komissar təyin edilib. “EKSPO 2017” sərgisinin, əsasən, dünyanın iqtisadi baxımdan nəhəng ölkələrindən (ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya və Çin kimi) sonra Qazaxıstanda təşkili enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə təminat verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi